"Bu qadağalar uşaqları valideynlərinə qarşı üsyankar edir" - Sahib Altay

15:30 28.08.2025 Müəllif:Arzu Zeynallı
Yazını böyüt
Yazını kiçilt

Uşaqları sosial şəbəkədən məhrum etmək imkansız görünür, amma…”

Yeni tədris ilinə sayılı günlər qalıb. Bu tətil günlərini daha çox kompüter, telefon arxasında keçirən uşaqlar üç ay boyunca bağlandıqları, aludəçisinə çevrildikləri sosial şəbəkələrdən necə ayrılacaqlar, dərslərə necə adaptasiya olacaqlar, bilmək olmur. Amma psixoloji təsirlər qaçılmaz görünür. Çünki müasir dövrdə sosial şəbəkələr böyüklərin demək olar ki, gündəlik həyatının ayrılmaz hissəsinə çevrildiyi kimi, uşaqların da həyatına hakim kəsilib. Bir sözlə, uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı ciddi narahatlıqlar var.

Bu istiqamətdə “Həftə İçi” qəzeti və hafta.az saytına sosioloq Sahib Altay danışıb.

- Sosial şəbəkələrin uşaqların psixologiyasına, davranışına, təhsilinə və sosial bacarıqlarına nə kimi təsirləri var?

- Uşaqlar hələ tam formalaşmamış şəxsiyyət və psixologiyaya sahib olduqlarından, sosial şəbəkələrdəki təsirlərə qarşı daha həssasdırlar. Burada qarşılaşdıqları yanlış informasiya, zorakılıq, mənfi nümunələr və asılılıq yaradan məzmunlar onların həm psixoloji, həm də sosial inkişafına mənfi təsir göstərə bilər. Bundan əlavə, uzunmüddətli onlayn zaman uşaqlarda tənhalıq, diqqət dağınıqlığı, yuxu rejiminin pozulması kimi problemlərə səbəb olur.

Ümumiyyətlə, bütün proseslərin həm müsbət, həm də mənfi tərəfləri var. Sosial şəbəkələrdə insan üçün informasiya almaq, informasiya ötürmək, fikirlərini paylaşmaq və ya yeni məlumatlar öyrənmək, yaşadığı planetin gedə bilmədiyi coğrafiyalarıyla tanış olmaq, virtual görmək, yeni dünyagörüşü qazanmaq, müxtəlif insanlarla, mədəniyyətlərlə tanış olmaq və sair bu kimi müsbət nəsnələri əldə etmək baxımından yaxşıdır.

Amma sosial şəbəkələrin sərhədsiz informasiya vermək funksiyası insanların çox hallarda lazımsız informasiyaları qəbul etməyinə səbəb olur. Bu informasiya zənginliyi yaddaşı lazımsız məlumatlarla yükləyir. Bu hal uşaqlara daha da mənfi təsir göstərir. Digər tərəfdən, bu vərdiş təhsil istəyinə və sosial bacarıqlara da kölgə salmağı bacarır. Sosial şəbəkə rəngarəngliyi baxımından ağ-qara kitablarla müqayisədə üstündür. Uşaqlar seçim qarşısında qalanda daha asan əldə ediləni və daha rəngarəng olanı seçirlər. Sosial bacarıqlarını isə yenə sosial şəbəkə üzərindən nümayiş etdirməyə can atırlar. Necə ki, insan beyni də daha asan əldə olunana həvəs göstərir.

- Sosial şəbəkələrə asılılıq riski, vaxt itkisi, ailə münasibətlərinə mənfi təsirləri necə izah edərdiniz?

- Bəli, sosial şəbəkələrin böyüklü-uşaqlı bütün istifadəçilərə verdiyi ən böyük zərərlərdən biri də vaxt itkisidir. İnsan tez-tez səhifələri çevirdikcə fərqində olmur, bir də ayılır ki, artıq bir neçə saatını xərcləyib. Bu nəticə həm də uşaqlara aiddir. Qeyd etdiyim kimi, sosial şəbəkələrin əsas cəlbedici tərəflərindən biri rəngarəng olmasıdır. İnsan psixologiyası hər zaman monotonluğa ziddir, fərqlilik axtarışındadır. Sosial şəbəkənin məhz rəngarəngliyi axtarışda olan beynin fərqlilik ehtiyacını ödəyir. Əvəzində insanı bu rəngarəngliyin əsirinə çevirir. Bu əsirliyi azadlıqla əvəz etməyin yalnız bir yolu var - rasional təfəkkürlə müəyyən sərhədlər qoymaq. Sosial şəbəkədən istifadə etmək, ancaq həddində istifadə etmək. Əks təqdirdə, bu bir vərdişə çevrilir, asılılıq yaradır, insanları adı "sosial" olan bir virtual mühitin sakininə çevirir, gerçək sosial mühitdə isə ondan asosial fərd formalaşdırır. Bu hal insanları reallıq hissindən uzaqlaşdırır, istər ailə münasibətlərinə, istərsə də ümumi ünsiyyətə mənfi təsir göstərir. İnformasiya almaq istəyi təbii ehtiyacdır. Bu ehtiyac birmənalı olaraq sosial şəbəkə vasitəsilə ödəniləndə real ünsiyyət arxa, plana keçir. Nəticədə real ünsiyyətin fonunda sosiallaşmaq istəyi öz dəyərini itirir. Ünsiyyət itir, münasibətlər soyuyur. Münasibətlərin soyuduğu yerdən isə tənhalıq sindromu baş qaldırır.

- Uşaqların sosial şəbəkələrdən uzaq tutulmasının müsbət tərəflərindən danışardınız.

- Sosial şəbəkədən tamamilə uzaq qalmaq uşaqlarda müəyyən çatışmazlıqlar yarada bilər. İnformasiya dövründə sosial media həm də öyrənmə, yeniliklərlə tanış olma və dostlarla ünsiyyət vasitəsidir. Qəti qadağa uşaqlarda gizli maraq yarada, hətta valideynlərə qarşı üsyankar münasibət formalaşdıra bilər. Eyni zamanda, dost çevrəsində mövzulardan xəbərsiz qalmaq uşağın özünü kənarlaşdırılmış hiss etməsinə səbəb ola bilər.

- Müşahidələr də göstərir ki, uşaqların günlərinin çox saatı kompüter, telefonla keçir, əyləncəni sosial şəbəkələrdə tapırlar. Bu qədər asılı olduqları halda bu vərdişdən tamamilə uzaq tutulmalarının mənfi tərəfləri də olmamış olmaz.

- Təbii ki, neqativ tərəfləri çoxdur. Neyrobiologiyanın ilkin inkişaf mərhələlələrindən etibarən iqtisadi mexanizmlər insan beyninin işləmə prinsipləri üzərində qurulur. Yəni insan, beyninin işləmə mexanizmləri əsasında və bəzən süni yaradılan tələbatlar üzərindən alıcıya çevrilir. Uşaqlar bu mühitdə özlərinə aid daha rəngarəng mənzərələrlə qarşılaşdıqları, üstəlik, rasional təfəkkürə sahib olmadıqları üçün daha tez aldanırlar. Və bu, onların uşaqlıq vərdişinə çevrilir. Dilin inkişaf prosesi ünsiyyət sayəsində gedir. Vərdişə çevrilmiş sosial şəbəkə istifadəçiliyi uşaqları dinləmək, sual vermək qabiliyyətindən məhrum edir. Bu səbəbdən də müasir uşaqlarda beyin geriləməsi, gec danışmaq kimi problemlərin ortaya çıxmasına səbəb olur. Bu səbəbdən də laqoped təlimləri keçən psixoloji mərkəzlər gec danışan uşaqlarla doludur. Bu proses sonrakı mərhələdə özünü fikir dağınıqlığıyla büruzə verir. Daha sonrakı mərhələdə həm beynin, həm də orqanizmin fiziki tənbəllik halına gətirib çıxarır.

Eyni zamanda, sosial şəbəkənin rəngarəng mənzərəsi davamlı ekrana baxmaq vərdişini formalaşdırır. Bu da bir müddət sonra gözün qoruyucu qişasını zədələyir, onurğa problemlərini ortaya çıxarır. Valideynlər birmənalı olaraq buna nəzarət etməli və uşaqları bacardıqları qədər sosial şəbəkələrdən uzaq saxlamalıdır. Bu, qaçınılmaz hala çevriləndə uşaqların gün ərzində yalnız qısa müddətli sosial şəbəkədən istifadəsinə icazə verməlidirlər. Çünki uşaqları sosial şəbəkədən məhrum etmək imkansız görünür. Digər tərəfdən, uşaqlar öz dövrünün inkişaf tendensiyasından kənarda böyüməli deyil. Məlumatlı olmalıdır. Ancaq istifadə müəyyən zaman sərhədləri çərçivəsində reallaşmalıdır. Yəni olar, ancaq müddətli. Hesab edirəm ki, uşaqları sosial şəbəkə təsirindən qorumağın tək yolu, müəyyən yaşa qədər onları uzaq tutmaq, bir müddət sonra isə müddətli istifadəsinə icazə verməkdir. Mən deyərdim ki, eyni prinsip böyüklərə də aiddir.

- Alternativ, ən düzgün yol var?

- Hesab edirəm ki, uşaqları sosial şəbəkədən tam uzaqlaşdırmaq əvəzinə, onların istifadəsini nəzarətdə saxlamaq daha faydalıdır. Burada əsas məsələ balansdır. Valideynlər uşaqlara həm faydalı səhifələri izləməyi öyrətməli, həm də onlarla birlikdə vaxt keçirərək doğru istifadəyə nümunə olmalıdır. Alternativ fəaliyyətlər isə idman, kitab oxuma, yaradıcılıq dərsləri və sairdir. Bunlar uşaqların sosial media ehtiyacını azaldaraq real həyatda da maraqlı məşğələlər tapmasına kömək edir.

Qeyd edim ki, uşaqları sosial şəbəkədən uzaq tutmaq təkcə qadağa ilə yox, düzgün yönləndirmə ilə mümkündür. Valideynin yanaşması, ailəiçi ünsiyyətin gücü və uşağın maraqlarının düzgün istiqamətləndirilməsi bu prosesin əsas açarıdır. Ən vacibi isə uşağa sosial şəbəkədən faydalı və təhlükəsiz şəkildə istifadə etməyi öyrətməkdir. Yalnız bu halda balanslı yanaşma həm uşağın inkişafını, həm də gələcək sağlamlığını təmin edə bilər.